Çin Xalq Respublikasının Nanjing şəhərində Nanjing İncəsənət Universitetinin, Beynəlxalq Muzeyşünaslıq Məktəbinin təşkilatçılığı, Nanjing Muzeyi, bir sıra ölkələrin mədəniyyət, elm nümayəndələri və ictimai xadimlərin iştirakı ilə Nanjing Muzeyinin 90 illik yubileyinə həsr olunmuş “Muzey Direktorlarının II Beynəlxalq Forumu"nun açılış mərasimi keçirilib. Forumda Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, Fotoneqativ materiallar fondunun müdiri Afət Kərimova çıxış edib.
Açılış mərasimində Z.İsmayılova çıxışında, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan-Çin tarixi əlaqələrini əks etdirən əhəmiyyətli eksponatlarından danışıb, eyni zamanda muzeylərdə rəqəmsallaşmanın əsas prioritetlərdən biri olduğunu qeyd edərək, Milli Azərbaycan Tarixi Muzeyinin yeni texnologiya- interaktiv masalarla (touchscreen) təchiz edilməsi, 3D hologramla nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib. Sonra A.Kərimova Forumun ikinci hissəsi- “Mədəniyyət və muzeylərin rəqəmsallaşdırılması sammiti”ndə “Muzeylər və rəqəmsal texnologiya” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi rəqəmsal texnologiyanın imkanları, muzey sahəsində tətbiqi və effektiv təsirləri barədə geniş məlumat verib. Muzeyin əməkdaşlarının çıxışları iştirakçılar tərəfindən böyük maraqla dinlənilib. Forumun iştirakçılarının çıxışlarından sonra muzeylərin gələcək inkişafı üçün qabaqcıl tendensiyaları və istiqamətləri üzrə müzakirələr aparılıb.
Sonda iştirakçılara Nanjing İncəsənət Universitetinin, Beynəlxalq Muzeyşünaslıq Məktəbinin kataloqları hədiyyə edilib.