Milli Azərbaycan Tarixi Muzeyində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel arasında görüş baş tutub. Akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib və səfirə muzey haqqında ətraflı məlumat verib.
Eyni zamanda xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd edib.
Görüşdə Azərbaycan-Qazaxıstan mədəni-tarixi əlaqələri və Qazaxıstan tərəfi ilə muzey arasında səmərəli əməkdaşlıq layihələri haqqında danışıqlar aparılıb. Həmçinin, cənab səfir hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirərək, muzeydə qorunan, Azərbaycan və Qazaxıstan tarixi əlaqələrini birləşdirən eksponatların təbliğatı istiqamətində kataloqun dərc olunması təklifini irəli sürüb və bu eksponatların hər iki ölkə arasında mövcud ictimai-mədəni əlaqələrin spesifikasının və inkişaf dinamikasının göstəricisi olduğunu vurğulayıb.
Sonra cənab səfir məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət edib. Muzeydən xoş təəssüratlarla ayrılan qonaqlara muzeyin dəyərli eksponatları əsasında hazırlanmış nəşrləri hədiyyə olunub.
Sonda xatirə fotosu çəkilib və cənab səfir muzeyin rəy kitabına öz ürək sözlərini yazıb.