XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
05 Fevral, 2024
Muzeydə qorunan Qubadlı sikkə dəfinəsi dövrün pul təsərrüfatını açıqlayır

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Azərbaycanın orta əsrlərdə pul təsərrüfatını açıqlayan dəfinələr qorunur. Belə dəfinələrdən biri də 1987-ci ildə Qubadlı rayonunda aşkarlanan gümüş sikkə dəfinəsidir. Bu sikkə dəfinəsindəki Cəlairi hökmdarı I Sultan Hüseyn (Cəlaləddin; hicri 776 - 784 = 1374 - 1382), Sultan Əhməd (hicri 784 – 813 = 1382 - 1410) və Teymuri hökmdarı Şah Mahmud (hicri 861 - 863 = 1456 - 1458) dövrünün gümüş sikkələri dövrün pul təsərrüfatını büruzə verən mühüm faktlardır.

Cəlairi hökmdarı I Sultan Hüseyn dövründə Bağdad, Təbriz, Qum, Ərdəbil, Şüştər, Həmədan, Marağa, Quştasbi, Hillə, Vastan, Bakı, Şabran, Bərdə, Astara və d. zərbxanalarda çox sayda istehsal edilən dövrün başlıca sikkələri - gümüş sikkələr (dinar,  ikili dinar, 1/3 dinar və s.) müxtəlif tipli idi. Belə gümüş dinarlar 0,5 q ilə 2,8 q arasında çəkiyə malik idi.

Sözügedən sikkələrə İslam dininin başlıca ifadələri, dörd xəlifə adları, hökmdarın adı və titulları, ona arzulanan sözlər, zərbxana və hicri təqvimlə zərb ili həkk edilirdi.

Dövrün pul təsərrüfatında iştirak edən qızıl sikkələr (dinarlar) və mis sikkələr (felslər) az sayda zərb edilirdi.

Qeyd edək ki, sözügedən dəfinə 15 dekabr 1987-ci ildə muzeyə təhvil verilib.