Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində tarix elmləri doktoru Fərhad Cabbarovun tərtibçisi olduğu “Mən, Bakı milyonçusu Tağıyevin qızıyam...” kitabının təqdimatı keçirilib. Arxiv materialları əsasında tərtib olunmuş kitab Azərbaycanın tanınmış sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Sarayeva-Tağıyevanın atasının sovet dövründə qadağalara və təhriflərə məruz qalmış adının bərpası uğrunda mübarizəsindən bəhs edir.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeyin H.Z.Tağıyev irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində gördüyü işlərdən bəhs etdi. O, yeni çapdan çıxmış kitabın H.Z.Tağıyevin və onun qızının xatirələrinin yaşadılması işində böyük töhfə olduğunu vurğuladı.
Daha sonra çıxış edən kitabın müəllifi Fərhad Cabbarov S.Sarayeva-Tağıyevanın həyatından, atasının layiqli adının bərpası yolunda üzləşdiyi çətinliklərdən danışdı. Onun sözlərinə görə, Sara xanımın H.Z.Tağıyevin ictimai və xeyriyyəçilik fəaliyyəti haqqında məlumatların toplanması və təbliği işində müstəsna xidmətləri olmuşdu.
Tədbirdə çıxış edən tarixçi-alim Firdovsiyyə Əhmədova, ssenarist Müsəllim Həsənov, S.Sarayeva-Tağıyevanın nəticəsi Rixard Petrov, həmçinin tədbirə videobağlantı ilə qoşulan Sara xanımın Rusiyada yaşayan övladları – Oleq və Lev Sarayevlər kitabla bağlı fikirlərini bölüşdülər.