Ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğu nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilir. Bununla bağlı Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında nümayiş olunan Azərbaycan Respublikasının keçmiş müvəkkili (Ombudsman) Elmira Süleymanova tərəfindən muzeyə vaxtilə hədiyyə edilmiş “Azərbaycan Ombudsmanı” masaüstü medalı, Ombudsman bukleti və 1995-ci ilə aid Azərbaycan Respublikasının Konstitusiyasını təqdim edirik.