XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
21 İyun, 2024
Muzeydə “Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” adlı multimedia sərgisinin bağlanış mərasimi keçirilib

Muzeydə Latviya mədəni irsinə həsr olunmuş “Yuliys Straume — 150: Naxışlar fərqli mədəniyyətlərdə” adlı multimedia sərgisinin bağlanış  mərasimi keçirilib. Tədbirdə bir sıra ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri, incəsənət, mədəniyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq Latviya və Azərbaycan tarixi əlaqələrindən danışıb.

Tədbir zamanı akademik Nailə Vəlixanlı, Latviyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinin missiya rəhbərinin müavini Viya Buşa, Milli Azərbaycan Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova, sözügedən multimedia sərgisinin kuratoru Səbinə Şıxlinskaya çıxışlarında Azərbaycan və Latviya arasındakı tarixi əlaqələrin müxtəlif dövrlərdə siyasi, iqtisadi və mədəni müstəvilərdə formalaşmasında, iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsində və gələcəkdə daha da genişləndirilməsi üçün zəmin yaratdığını qeyd ediblər. Həmçinin, Latviya və Azərbaycan arasında mədəni əlaqələrin qurulması, bu kimi mədəni tədbirlərin, sərgilərin keçirilməsi nəticəsində hər iki xalqın bir-birinin tarixini, mədəniyyətini, incəsənətini daha yaxşı tanıdığını vurğulayıblar.

Sonda tədbirin qonaqları sərgini ziyarət etikdən sonra Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası və H.Z.Tağıyevin ev-muzeyi ilə tanış olublar.

Qeyd edək ki, sərgi 1 ay müddətində davam etmiş və 1000 nəfərə yaxın ziyarətçi qəbul etmişdir.