XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
02 Oktyabr, 2024
Muzeyin “XIX-XX əsrin əvvələrində Azərbaycanda təhsil” adlı kataloqunun təqdimat mərasimi keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində muzeyin unikal materilları əsasında hazırlanmış “XIX-XX əsrin əvvələrində Azərbaycanda təhsil” adlı kataloqun təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan, muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent, kataloqun həmmüəllifi Bəhman Kərimov çıxışında qeyd edib ki, “kataloq Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan və Azərbaycanın təhsil tarixini əks etdirən materiallar əsasında tərtib olunub. Kataloqda yer alan sənədlər, fotoşəkillər, dərslik nümunələri, təhsilin inkişafında xidməti olan maarifçilərin və təhsil işçilərinin materialları unikallığı ilə seçilir”.
Daha sonra muzeyin direktoru, akademik Nailə Vəlixanlı, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, pedoqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, maarifçi Həbib bəy Mahmudbəyovun nəslinin nümayəndəsi Aydın Əzizov, tarix üzrə fəlsəfə doktoru Esmira Vahabova öz çıxışlarında kataloqun təhsil tariximizin zəngin irsini, keçdiyi inkişaf yolunu və təhsil sisteminin qurulmasında böyük rol oynamış dəyərli şəxsiyyətləri əks etdirən qiymətli bir nəşr olduğunu vurğulayıblar.
Qeyd edək ki, sözügedən kataloqun həmmüəllifləri- t.ü.f.d.,dosent Bəhman Kərimov, Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova, həmin şöbənin əməkdaşı, baş mütəxəssis Nərmin Bağırovadır.