XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
10 Oktyabr, 2024
Muzeyin əməkdaşı Sankt- Peterburq şəhərində beynəlxalq peşakar inkişaf proqramında iştirak edib

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunun müdiri, t.ü,f.d., dos Afət Rüstəmbəyova Sankt-Peterburq şəhərində keçirilən “Muzey təcrübələri: qorumaqdan cəlb etməyə” (Музейные практики: от хранения до вовлечения) adlı beynəlxalq peşakar proqramda iştirak edib. Sözügedən proqram Sankt-Peterburqun Xarici Əlaqələr İşləri Üzrə Komitəsinin dəstəyi ilə 6 ölkənin 21 muzeyindən olan mütəxəssislərin iştirakı ilə baş tutub.

Rusiya Siyasi Tarixi Muzeyində proqram iştirakçıları üçün mühasibat uçotu və mühafizənin təşkili, muzey əşyalarının və kolleksiyalarının rəqəmsallaşdırılması , təsviri metodologiyası, eyni zamanda beynəlxalq sərgilərin, təhsil-uşaq proqramlarının həyata keçirilməsi və s. mövzularda mühazirələr, ustad dərsləri, seminarlar keçirilib.
Proqram çərçivəsində iştirakçılar Rusiya Dövlət Siyasi Tarix Muzeyini, Sankt-Peterburq Dövlət Tarix Muzeyini, Petropavlovsk qalasını, Rusiya Etnoqrafiya Muzeyini, “Baltik evi” Teatr-Festivalını, Leninqradın Müdafiə və Mühasirə Dövlət Xatirə Muzeyini, Tarixi Tərbiyə Uşaq Muzeyini, Mərkəzi və Dövlət Rus Muzeyini ziyarət ediblər.
Afət Rüstəmbəyova proqram zamanı çıxışında iştirakçılara Milli Azərbaycan Tarixi Muzeyinin innovativ fəaliyyəti - muzey ekspozisiyasında yeni texnologiyalardan istifadə və muzey kolleksiyalarının elmi dövriyyəyə daxil edilməsi yolları haqqında məlumat verib.
Sonda proqram iştirakçıları sertifikatla təltif olunublar.