Monqolustan Respublikasının prezidenti cənab Ukhnaagiin Khürelsükh Azərbaycana COP (Conference of Parties) tədbirlərində iştirak səfəri çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüş zamanı Azərbaycan-Monqolustan mədəni-tarixi əlaqələri haqqında söhbət aparılıb. Ekspozisiya ziyarəti zamanı cənab Prezident muzeyin eksponatlarını nəzərdən keçirərək, Azərbaycanın qədim mədəni irsi və tarixi ilə tanış olub. Eyni zamanda, muzeyin yeni ekspozisiyasında nümayiş olunan, Monqolustanın tarixi ilə Azərbaycanın mədəni əlaqələrini birləşdirən, Mingəçevirdə arexeoloji qazıntılar zamanı tapılmış Monqol xalatı və dövrün nadir nümizmatik nümunələri cənab Prezidentin diqqətini cəlb edib.
Sonda qonaqlar muzeydən xoş təəssüratla ayrılıblar.
Bu cür ziyarətlər COP konfransı ilə yanaşı, ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə, informasiya mübadiləsinə və mədəni irsin qorunması istiqamətində əməkdaşlığın güclənməsinə şərait yaradır.