XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
20 İyun, 2025
Muzeydə “Azərbaycan-Almaniya Dostluq Həftəsi” çərçivəsində Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Alman-Azərbaycan Cəmiyyətinin yaranmasının 35 illiyi ilə bağlı ölkəmizdə keçirilən “Azərbaycan-Almaniya Dostluq Həftəsi” çərçivəsində İyunun 18-dən 22-dək davam edən tədbir proqramlarında siyasət, iqtisadiyyat, elm, mədəniyyət və idman sahəsində əlaqələrin inkişafına həsr olunmuş silsilə tədbirlər nəzərdə tutulub.

Elm- mədəniyyət tədbirləri çərçivəsində bu gün Milli Azərbaycan Tarix Muzeyində Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans iştirakçıları ilk olaraq, muzeyin ekspozisiyası və görkəmli xeyriyyəçi, maarifpərvər şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanış olublar.  Ekspozisiyada nümayiş olunan unikal eksponatlar qonaqlarda böyük maraq yaradıb.

Sonra Oskar Valter və  Həcər Verdiyevanın moderatorluğu ilə “Azərbaycan- Almaniya: ikitərəfli münasibətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan-Almaniya arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin iki ölkə arasında elmi və mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.

Sonra  Alman-Azərbaycan Cəmiyyəti adından Nailə Vəlixanlı mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə “Dostluq” medalı ilə təltif edilib. Eyni zamanda, sözügedən Cəmiyyət tərəfindən  muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarova “Birlikdə- Zusammen 30+30”  adlı kataloq hədiyyə olunub.

Daha sonra konfransda Almaniya, Türkiyə, Gürcüstan və Qazaxıstandan gələn tədqiqatçı alimlər  məruzələrlə çıxış ediblər.

Verilən suallar ətraflı cavablandırılıb və konfrans uğurla baş tutub.