XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
15 Oktyabr, 2025
Muzeydə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi Sərəncam əsasında keçirilən tədbirlər çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində tanınmış bəstəkar, musiqişünas-alim, publisist, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir təşkil olunub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d, dosent Əli Fərhadov çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti və musiqisinin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Ə.Fərhadov, həmçinin bəstəkara aid muzeydə qorunan eksponatlar haqqında məlumat verib.

Sonra musiqişünas Aytən Adıgözəlova Üzeyir Hacıbəylinin zəngin və çoxşaxəli yaradıcılığından danışıb.

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin tələbələrinin ifasında bəstəkarın əsərləri səsləndirilib. Tədbirdə məktəbin direktoru Bəhriyyə Allahverdiyeva çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki rolunu yüksək qiymətləndirib və onun yaradıcılığının gənc musiqiçilər üçün örnək olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri iştirak ediblər.

Sonda Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tədbir iştirakçılarına fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edib.

Tədbirin bədii rəhbəri Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədli olub.

Sonda xatirə fotosu çəkilib.