Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən Müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Milli kimlik və tarix” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Himni Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin gəncləri jest dili ilə səsləndiriblər.
Tədbiri giriş sözü ilə açan muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi Vətən Müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətini qeyd edərək, bu qəhrəmanlıq səhifəsinin gələcək nəsillərə, xüsusən də bu günün gəncliyinə ilham verdiyinin vacibliyini vurğulayıb.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medallarla təltif olunmuş Vüsal Hətəmov çıxışında Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirakından, müharibə dövründə qazandığı təcrübələrdən və şəhidlərimizin müqəddəs xatirəsinin qorunmasının mənəvi borc olmasından söz açıb.
Daha sonra muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini – baş mühafiz Məhfuzə Zeynalova çıxış edərək, muzeyin Vətən müharibəsi ilə bağlı eksponatların qorunması istiqamətində gördüyü işlərdən, şəhidlərin şəxsi əşyalarının gələcək nəsillərə çatdırılmasının tarixi əhəmiyyətindən danışıb.
Tədbirdə, həmçinin şəhid Sənan Abdullayevin atası Şahin Abdullayev çıxış edərək, övladının və bütün şəhidlərin qəhrəmanlığından qürurla danışıb. O, bu cür tədbirlərin şəhid ailələrinə mənəvi dayaq olduğunu və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini bildirib.
Tədbir çərçivəsində şəhidlərin muzeydə qorunan şəxsi əşyalarından ibarət sərgi təşkil olunub. Sərgidə qəhrəman döyüşçülərimizin döyüş geyimləri, sənədləri, fotoşəkilləri və digər şəxsi əşyaları nümayiş etdirilib. Bununla yanaşı, əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi də təqdim edilib.
Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları və Sosial Xidmət Mərkəzlərinin üzvləri iştirak ediblər. Onlar göstərilən diqqət və ehtirama görə tədbir təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Tədbir Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərinin “Parla” inklüziv-mədəni kollektivinin ifaları ilə davam edib. İfaçılar “Qarabağ, can Qarabağ!”, “Vətən ordusu”, “Şuşanın dağları”, “Sən qalibsən, Azərbaycan!” adlar altında vətənpərvər mahnılar və şeirlər səsləndirib, “Sarı Gəlin” rəqsi və “Bayatı-Şiraz” adlı ifalarla çıxış ediblər.
Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.