XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
06 Noyabr, 2025
Muzeydə Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı müsabiqə-sərgi keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən Müharibəsində  qazanılan qələbənin  5-ci ildönümünə  həsr olumuş “Zəfərə gedən yol” adlı V Respublika rəsm əsərləri və əl işlərindən ibarət müsabiqə-sərgi keçirilib.

Sərgidə istedadlı, uşaqların və gənclərin Vətən Müharibəsini, Qarabağı, xüsusilə Şuşa bölgəsini əks etdirən 70 rəsm əsəri, əl işləri yer alıb.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdləri, Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları, eləcə də, gənc rəssamlar, incəsənət xadimləri, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Müsabiqədə Münsiflər Heyətində Azərbaycan Milli İncəsənət Muzeyinin bərpaçı-rəssamı, əməkdar rəssam Natiq Səfərov, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktor müavini, Rəssamlar İttifaqının üzvü, rəssam Nazim Məmmədov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadiqov və Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova  olublar. 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, iştirakçıları salamlayıb, tədbirin əhəmiyyəti və Muzeyin Vətən Müharibəsi fondu haqqında məlumat verib.

Sonra Münsiflər Heyətinin üzvləri sərgilənən rəsm əsərləri barədə çıxış edərək, mövzunun aktuallığından və bu layihənin hər il həyata keçirilməsinə görə muzeyin rəhbərliyinə xüsusi təşəkkür ediblər.

Tədbirdə,  həmçinin Zəfər Gününə həsr olunmuş musiqi ifaları səsləndirilib.

Sonra müsabiqə-sərginin kuratoru,  muzeyin əməkdaşı Aynur Babayeva layihə barədə məlumat verib. A.Babayeva  bildirib  ki,  sözügedən müsabiqə 2021-ci ildən etibarən Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən həyata keçirilir, layihənin məqsədi gənclərdə vətənpərvərlik ruhunu möhkəmləndirmək, onların istedadını üzə çıxartmaq və ictimaiyyətə təqdim etməkdən ibarətdir.

Sonda Münsiflər heyəti tərəfindən qaliblər seçilib Fəxri Fərmanlarla təltif olunub və mükafatlar təqdim edilib. Qaliblər AMK İncəsənət Gimnaziyasının şagirdlərindən seçilib. I yeri Suel Babazadə (7 yaş), II yeri Nəzrin Əliyeva (16 yaş) və III yeri Əsra Əlizadə qazanıb.