XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
06 Noyabr, 2025
Muzeydə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rənglərdə danışan eksponatlar: Tarixdən bu günə Suveren Azərbaycanın hekayəsi” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra tədbiri giriş sözü ilə açan muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, dövlət müstəqilliyimizin qorunmasında və inkişafında Konstitusiyanın mühüm rolundan danışıb. F.Şəmsi həmçinin şöbənin həyata keçirdiyi “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsindən bəhs edib. F.Şəmsi bildirib ki,  layihə çərçivəsində şagirdlər muzeyin eksponatları əsasında 24 ədəd rəsm əsəri ərsəyə gətiriblər. Bu rəsmlər muzeyin Silahlar və Bayraqlar fondu, Numizmatika fondu və Arxeologiya fondunun materialları əsasında çəkilib. O həmçinin vurğulayıb ki, layihədə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar da fəal iştirak ediblər və onların yaradıcılıq nümunələri dövlətçilik mövzusuna özünəməxsus baxışı əks etdirir. Layihənin bu dəfəki buraxılışı Azərbaycan dövlətçiliyinə həsr olunmuş rəsmlərin nümayişi ilə fərqlənir və bu sərgi vasitəsilə uşaqların dövlət rəmzlərimizə, tariximizə və suverenliyimizə yaradıcı baxışı əks olunur. Bu layihə çərçivəsində çəkilmiş rəsm əsərləri 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanıb.

Daha sonra muzeyinTəsviri materiallar fondunun müdiri, m.ü.f.d., Nərdanə Yusifova,  çıxış edərək, muzey fondlarında saxlanılan və Azərbaycanın dövlətçilik tarixinə aid olan nadir eksponatlar haqqında məlumat verib.

Bakı Dövlət Universitetinin Mənbəşünaslıq və tarixşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Arzu Xəlilzadə isə çıxışında Azərbaycanın suverenlik tarixinin əsas mərhələlərindən və Konstitusiyanın dövlət idarəetməsindəki əhəmiyyətindən bəhs edib.

İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı çıxış edərək, tədbirin maarifləndirici və vətənpərvərlik ruhunu yüksək qiymətləndirib, gənclərdə milli kimlik və dövlətçilik dəyərlərinin aşılanmasının vacibliyini vurğulayıb.

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Aynurə Məlikova çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlət atributlarına hörmətin aşılanmasının önəmini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsi sözügedən şöbənin əməkdaşı Nigar Əhmədli tərəfindən təşkil olunub.

Bədii proqram çərçivəsində Bülbül Vokal Məktəbinin tələbəsi Arif Qarəhmədlinin ifasında Müslüm Maqomayevin musiqisi, Nəbi Xəzrinin sözlərinə yazılmış “Odlar yurdu” və “Ey əziz anam, Azərbaycan” mahnıları səsləndirilib. İfaçıya Respublikanın əməkdar artisti Ramil Qasımov bədii rəhbərlik edib.

Əhmədova Mehin, Əhmədov Mətin və Ağayeva Amaliyanın  iştirakı ilə “Həyat” rəqs qrupunun ifasında “Cəngi” və “Мой Азербайджан” rəqsləri nümayiş olunub.

Tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları da iştirak ediblər.

Tədbirin sonunda iştirakçılar sertifikat və təşəkkürnamələrlə təltif olunublar.