Qazaxıstanın Atırau şəhərində “Sarayşıq– Şərqlə Qərbin qovşağı: Böyük Çölün Tarixi və Mədəniyyəti” beynəlxalq elmi simpoziumu keçirilib. Simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova “Muzeylərin mədəni turizmin inkişafında rolu: Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti” (The Role of Museums in the Development of Cultural Tourism: The activities of the National Museum of History of Azerbaijan) və Bərpa laboratoriyası şöbəsinin bərpaçı-rəssamı Nuridə Hüseynova “Arxeoloji materialın konservasiya-bərpası: monqol döyüşçüsünün dəfnindən tapılmış çəkmənin işləməsi (XIII əsrin sonu – XIV əsrin əvvəli, Bozdağ dərəsi, Mingəçevir, 3-cü yaşayış yeri)” (Реставрация археологического материала: отделка сапога из погребения монгольского воина (конец XIII – начало XIV века, поселение №3, ущелье Боздага, Мингечаур) adlı mövzularda çıxış ediblər. Çıxış zamanı Z.İsmayılova muzeyin ümumi fəaliyyəti, beynəlxalq layihələri haqqında danışıb, eyni zamanda Qazaxıstan–Azərbaycan mədəni əlaqələrini gücləndirən və böyük rezonans doğuran “Böyük Çölün Mirası: Qızıl Adam” sərgisinin 2018-ci ildə muzeyimizdə təşkili proseslərini, onun iki ölkə arasında mədəni diplomatiyanın inkişafında oynadığı mühüm rolu vurğulayıb (videoçarx müşayiəti ilə). N.Hüseynova isə üzvi materialların konservasiyası və bərpası metodları, tikişlərin orijinal strukturunun qorunması və təhlükəsiz, estetik baxımdan informativ nümayişin təmin edilməsi barədə ətraflı məlumat verib (foto müşayiət ilə). Həmçinin, Z.İsmayılova simpoziumun əhəmiyyəti barədə müxtəlif mədəniyyət telekanallarına müsahibələr verib.
Simpozium iştirakçıları beynəlxalq sertifikatla təltif olunublar.
Sonda Milli Azərbaycan Tarixi Muzeyinin unikal eksponatları əsasında hazırlanmış nəşrləri "Sarayşik" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun rəhbərliyinə hədiyyə edilib.