XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
18 Mart, 2021
Muzeydə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görüş keçirilib

Martın 18-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yeni rəhbəri İrek Zinnurovla görüş keçirilib.

Görüşdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, direktor müavini t.ü.f.d., dos., Məhfuzə Zeynalova və Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov iştirak ediblər.

Görüş zamanı Muzey ilə RİMM-in uzunmüddətli sıx əməkdaşlığı, həm Azərbaycan, həm də Rusiya tarixini və mədəniyyətini əks etdirən birgə layihələr haqqında söhbət aparılıb. Hər iki qurumun təşkilatçılığı ilə keçiriləcək yeni layihələr, elmi tədbirlər və Rusiya muzeyləri ilə birgə sərgilərin təşkili, elmi tədqiqatların aparılması istiqamətində fəaliyyətin genişlənməsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Direktor N.Vəlixanlı 2020-ci ildə Muzeydə baş tutmuş faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunan “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi haqqında da ətraflı məlumat verib. Həmçinin tarixçi-alim İ.Zinnurovu Muzeydə təqdimatı planlaşdırılan 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ!” adlı sərgiyə də dəvət etdi.

Sonda qonağa Muzeyin 100 illiyinə həsr olunmuş nəfis tərtibatlı nəşrlər təqdim olundu. İrek Zinnurov RİMM-in kitabxanasını zənginləşdirəcək dəyərli kitablara görə akademik Nailə Vəlixanlıya minnətdarlığını bildirib.