Milli Azərbaycan Tarixi Muzeyində ölkənin ərazi bütövlüyü uğrunda, o cümlədən 2016-cı ilin aprel döyüşlərində şəhid olan qəhrəmanlar mütəmadi təbliğ edilir, onların irsi qorunur. Bu materiallardan biri Muzeyin Silahlar və Bayraqlar fondunda mühafizə olunan Azərbaycan Silhalı Qüvvələrinin əsgəri, 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş Mirzəyev Elvin Azadxan oğluna məxsus Azərbaycan Respublikasının dövlət bayrağıdır.
Həmçinin Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanovun, gizir Nicat İsgəndərovun, gizir Elimdar Səfərovun hərbi geyimləri muzeydə qorunur və onların döyüş yolu təbliğ edilir.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Prezident İlham Əliyev hər zaman öz qətiyyətli sözləri ilə təsdiqləyir ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə zamanı işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında, İkinci Qarabağ müharibəsində qələbə qazandı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz canı-qanı bahasına “məğlubedilməz ermənı ordusu” mifini 44 günə dağıtdı, ərazi bütövlüyümüz bərpa olundu. Bu müharibə tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Sübut olundu ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.