Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi və Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə “Nizami Gəncəvi yaradıcılığına ümumi baxış” adlı tədbir keçirilib.
Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin baş mütəxəssisi, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova iştirakçıları salamlayaraq tədbirin mövzusu barədə məlumat verib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məruzəsinə davam edən P.Əzimova Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi haqqında Sərəncamını izləyicilərin diqqətinə çatdırdı.
Daha sonra tanınmış şairin 880 illiyi ilə əlaqədar videoçarx nümayiş etdirilib.
Elmi-kütləvi iş və təhsil şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Nizami yaradıcılığında maarifçilik” adlı məruzədə Milli Azərbaycan Tarixi Muzeyində qorunan ədəbiyyatlara istinadən Nizami Gəncəvinin həyat və yaradıcılığı, əsərlərində diqqət etdiyi başlıca məqamları qeyd edib.
Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov “Nizami Gəncəvi yaradıcılığında müharibə və sülh məsələləri” adlı məruzədə şairin “Xəmsə”sinə daxil olan əsərlərə istinadən ibrətamiz kəlamlarında yüksək insani dəyərlərə qiymət verdiyini və dünya irsinə layiqli töhfələr bəxş etdiyini bildirib.
Numizmatika və epiqrafika elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Nizami dövrü numizmatikası” adlı məruzədə şairin müasiri olan Azərbaycan Atabəyləri dövründə Azərbaycanın pul təsərrüfatı və ticarət əlaqələrində istifadə edilən, hazırda muzeydə qorunan sikkələrdən bəhs edib, yaxın müddətdə muzeydə keçiriləcək Azərbaycan Atabəyləri sərgisində belə numizmatik faktların nümayiş ediləcəyini bildirib.
Tədbirin sonunda çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Bədii əlaqələr və komparativistika şöbəsinin elmi işçisi Solmaz Azadova xalqımızın tarixi yaddaşında silinməz iz qoyan, tükənməz araşdırma mənbəyi olan Nizami yaradıcılığının gələcək nəsillərə örnək olduğunu qeyd etdi.