XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
28 Aprel, 2021
“Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərginin açılışı olacaq

Aprelin 29-da Milli Azərbaycan Tarixi Muzeyində “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərginin açılışı olacaq. Qeyd etmək lazımdır ki, fotosərgi Azərbaycanın 44-günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin çərçivəsində hazırlamışdır.

Fotosərgidə Elgün Gəncimsoy, Əziz Kərimov, Famil Mahmudbəyli, İlkin Səlifov, Maya Bağırova, Mirnaib Həsənoğlu, Vəli Şükürzadə tərəfindən çəkilmiş 50-dən artıq fotoşəkil nümayiş olunur. Fotoşəkillərin toplanmasında Azərbaycan Fotoqraflar Birliyinin sədri, tanınmış fotoqraf Mirnaib Həsənoğlu Muzeyə dəstək olmuşdur.

Bir neçə fotoşəkillərin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik tərəfindən təqdim olunmuş raket, mərmi və mina qalıqları ilə birlikdə nümayiş etdirilməsi fotosərgini daha da tamamlayır.

Fotosərgi iki hissədən ibarətdir. Birinci hissədə 27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycan şəhər və kəndlərinə Ermənistan ordusu tərəfindən atılmış raket və mərmilərin törətdikləri fəlakət və dağıntıların nəticələrini əks etdirən fotoşəkillər nümayiş olunur. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan hərbi-siyasi rəhbərliyi erməni ifrat millətçilərinin ən sevdiyi silaha - terrora əl atdı. Beləliklə, Ermənistanın terrorizmi dövlət siyasətinin bir ünsürünə çevirdiyi ölkə olduğu bir daha təsdiqləndi. Gəncə, Bərdə, Tərtər, Ağdam və başqa ərazilərdə erməni hərbi cinayətlərini fotolentə köçürən fotoqrafların işləri heç kimi biganə qoymayacaq.

İkinci hissədə işğaldan azad edilmiş torpaqlarda olmuş, erməni terrorizmini öz gözləri ilə görüb, fotoapparatları ilə tarixə həkk etmiş Azərbaycan fotoqraflarının əsərlərinin bir qismi sərgilənir. Fotoşəkillərin döyüş əməliyyatları gedən vaxt və ya dərhal əməliyyatlardan sonra çəkilməsi onları danılmaz tarixi mənbəyə çevirir.

Fotosərginin təşkilində məqsəd respublika ictimaiyyəti və xarici qonaqların diqqətini çəkilmiş fotoşəkillərin tarixi əhəmiyyətinə cəlb etməkdir.

Fotosərgidə təqdim olunan işlər Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna daxil edilərək, daimi eksponat kimi qorunacaqdır.

Fotosərgiyə baxış karantin qaydalarına riayyət olunaraq təşkil ediləcək, sərgiyə giriş pulsuzdur.