AMEA Milli Azərbaycan Tarixi Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Heydər Əliyev fenomeni və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova açıb. S.Nəsirova “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı məruzəsində ümummilli liderin Azərbaycan gənclərinə həmişə böyük diqqətlə yanaşdığını söyləyib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.
Sonra Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda çıxış edib. P.Əzimova məruzəsində qeyd etdi ki, hər dəfə ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var.
Daha sonra Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı Fatma Qəniyeva “Milli inkişafımızın memarı Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı məruzə ilə çıxış edib. F.Qəniyeva öz məruzəsində vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.
Sonda Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Zümrüd İsmayılova “Milli mədəniyyətimizdə Həydər Əliyev ideyaları” (MATM materialları əsasında) adlı məruzəsi ilə çıxış edib. Z.İsmayılova çıxışında qeyd etdi ki, Muzeyin Sənədli mənbələr fondunda qorunan sənədlərə əsasən deyə bilərik ki, milli-mədəni, tarixi dəyərlərə, muzey işinə marağın Heydər Əliyevdə hələ tələbəlik illərindən yarandığı sübut edilir və Azərbaycanda muzey işinə qayğı, diqqət ulu öndər Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutub.
Tədbirin sonunda GAMŞ sədri S.Nəsirova iştirakçılara öz təşəkkürünü bildirdi və daha sonra tədbir iştirakçıları ilə birlikdə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər.