AMEA Milli Azərbaycan Tarixi Muzeyində Qadınlar Şurası, "Arxeo Klub" və "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun dəstəyilə “Mənim atam qəhrəmandır” adlı tədbir keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan, Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Mühüd Orucova həsr edilmiş görüşdə H.Mahmudbəyov adına texniki -humanitar liseyinin şagirdləri, şəhidin həyat yoldaşı Qumru Orucova və iki övladı Anar və Vuqar Orucovlar iştirak ediblər.
Tədbirdə ilk öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Arxeo klubu”nun rəhbəri Esmira Rəhimova tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığından danışıb, tədbir haqqında geniş məlumat vermişdir.
"Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun rəhbəri Sahibə Ələkbərova Aprel şəhidimizin həyatından, keçdiyi döyüş yolundan söz açıb. Qeyd edib ki, Mühüd Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti Cənab İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. H.Mahmudbəyov adına texniki-humanitar liseyinin tarix müəllimi Sevil Nəsibova ordumuzun əldə etdiyi tarixi zəfərdən bəhs edib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşlarda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Daha sonra Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov çıxışında Azərbaycan qəhrəmanlarının həyat yollarının şagirdlər üçün hər zaman örnək olacağına və məktəblilərin Vətənə layiqli övlad kimi yetişəcəyinə əminliyini ifadə edib.
Tədbirin sonunda Mühüd Orucova həsr olunmuş slayd nümayiş olunub.