XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
23 Sentyabr, 2021
Muzeyin Qadınlar şurası tərəfindən “Mənim oğlum qəhrəmandır” adlı tədbir keçirildi

Vətən müharibəsi iştirakçılarının adlarının daim anılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hər il sentyabrın 27-si ölkəmizdə anım günü kimi qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Tədbirlər planına uyğun olaraq Milli Azərbaycan Tarixi Muzeyi “Anadır arzulara hər zaman Qarabağ” sərgisini təşkil etmişdir. Bu səpkidə olan tədbirlərdən biri də bu gün muzeyin Qadınlar  Şurası tərəfindən keçirildi. “Mənim oğlum qəhrəmandır” mövzusunda keçirilən tədbirdə Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərlə yanaşı şəhid Elfaq Nağıyev və şəhid Elvin Novruzov anıldı. Tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 

Həmçinin tədbirə qəhrəman,  igid oğullarımızı  yetişdirərək  müqəddəs  Vətənin qorunması üçün yola salan həmin şəhidlərin anaları Aytəkin Nağıyeva və Gülşən Novruzova da dəvət olunmuşdur.

Tədbiri açıq elan edən muzeyin Qadınlar Şurasının sədri t.e.d. Nərgiz Əliyeva  iştirakçıları salamladı. N.Əliyeva 44 günlük Vətən müharibəsinin əhəmiyyəti barədə məlumat verdikdən sonra çıxış üçün söz şəhid analarına verildi. Daha sonra şəhid materiallarını muzeyə cəlb edən Qadınlar Şurasının üzvləri Esmira Rəhimova və Sahibə Ələkbərova çıxış etdi. Şəhid  Elvin Novruzovun materiallarını muzey üçün toplayan elmi işçi Aygün Quliyeva isə şəhidin  döyüş yolu haqqında danışdı. Növbəti çıxışçılar muzeyin  Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Musayeva  və Vətən müharibəsi fondunun müdürü Şəfa Mövsumov oldu.

Tədbir boyunca  şəhidlərlə bağlı slayd nümayiş edildi. Sonda isə xatirə fotoları çəkildi