XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
30 Sentyabr, 2021
“Tarix yazan qəhrəmanlar“ layihəsi davam edir

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun rəhbəri Sahibə Ələkbərova "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində klub üzvləri ilə birgə II Vətən müharibəsi şəhidi Tural Abdullayevin ailəsini ziyarət ediblər. Layihə iştirakçıları T.Abdulayevin ailəsi ilə görüş zamanı onun haqqında olan xatirələri dinləmiş və şəhidin evində xatirə əşyaları nümayiş edilən xüsusi otaq ilə tanış olmuşlar.

  Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köçmüşdür. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər. Bu soyqırımda Turalın qohumlarından bir ailə tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissı ilə böyüyən Tural, düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdur. Qeyd edək ki,  Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural  III dərəcəli döş nişanı ilə təltif edilib. Həmçinin 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi) əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” III dərəcəli medalı ilə təltif edilib.

“Boz qurd" ləqəbli döyüşçü II Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak etmişdir. T.Abdullayev 30 sentyabr 2020- ci il tarixində ən yüksək zirvəyə şəhidlik məqamına ucaldı. Bir çox arzuları yarımçıq qalsada ən böyük arzusuna nail oldu. Xocalı qətlamının qisasını düşməndən aldı.
T. Abdullayev yaşadığı illər ərzində bir dəfə də olsun doğum gününü qeyd etmədi. Çünki, onun doğum günü 613 nəfər Xocalı sakininin qətl edildiyi günə təsadüf edirdi.

Qeyd edək ki, T.Abdullayevə məxsus əşyaların bir hissəsi muzeyin Vətən müharibəsi fondunda qorunur, digər hissəsi isə muzeydə “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş etdirilir.

Ətraflı keçiddə- Muzeyin Vətən müharibəsi fondunda şəhid Tural Abdullayevə məxsus materiallar qorunur

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən http://azhistorymuseum.gov.az/ saytına istinad zəruridir.