2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il sentyabrın 27-dən isə Cəbrayıl rayonunun işğaldan azad edilməsi məqsədilə Azərbaycanın müzəffər ordusu tərəfindən hərbi əməliyyatlar başlandı. 4 oktyabr Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl şəhəri işğaldan azad edildi.
Qeyd edək ki, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Onlardan biri şəhid, baş gizir Rauf Süleymanov idi.
Sərrast atəşi ilə 60 ermənini məhv edən şəhid Rauf Süleymanov Allahverdi oğlu 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində neftçi ailəsində dünyaya gəlmişdir. 1994-2005-ci illərdə orta təhsil almışdır. 2007-ci ildə Bərdə rayonunda, Daxili Qoşunlarda hərbi xidmət keçmiş, sonra həmin hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə müddətdənkənar maxe-snayperçi vəzifəsində işləmişdir. 2011-ci ildə Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində iş fəaliyyətini davam etdirmişdir. Sonralar çavuş, baş çavuş vəzifəsinə təyin olunmuşdur. 2019-cu ildə Türkiyənin Foça şəhərində atış üzrə təlim keçmiş və yüksək dərəcəli sertifikatla təltif olunmuşdur. 2020-ci ildə baş gizir vəzifəsinə təyin edilmişdir.
II Vətən müharibəsi başlayanda R.Süleymanov döyüşə yollanmış və oktyabr ayının 5-də Cəbrayıl istiqamətində qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur. Ailəli idi, bir qızı yadigar qaldı.
Şəhid Rauf Süleymanovun şəxsi əşyaları Muzeyə şəhidin yaxın qohumu, muzeyin əməkdaşı Mehriban Mehdiyeva tərəfindən təhvil verilmişdir.