XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
07 Oktyabr, 2021
Muzeydə “H.Z.Tağıyevin Qızlar məktəbi – 120” adlı ustad dərs keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin İnnovasiya və təhsil proqramları şöbəsi tərəfindən “H.Z.Tağıyevin Qızlar məktəbi – 120” adlı intellektual tədbir keçirildi.

Tədbirdə muzeyin icraçı direktoru, t.ü.f.d., dos. Fərhad Cabbarovun “H.Z.Tağıyevin qız məktəbinin tarixindən” adlı foto-slayd nümayişi ilə mühazirəsi oldu. Tarixçi alim F.Cabbarov neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılması və fəaliyyəti haqqında ətraflı çıxış etdi. Qeyd etdi ki, Qızlar məktəbi müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, habelə Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoydu.

Sonra tədbir iştirakşılarına muzeyin Bərpa laboratoriyasının xalça üzrə bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən parça üzərində Azərbaycanın qədim milli ornamenti olan butanın tikilmə qaydası öyrədildi. Daha sonra muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin ev muzeyi, “Anadır arzulara, hər zaman Qarabağ”, “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” adlı sərgilərə ekskursiya edildi.

Sonda iştirakçılar muzeyin İnnovasiya və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tərəfindən muzeyin sertifikatı ilə təltif edildilər.