XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
03 Noyabr, 2021
Muzeydə “Zəfər” gününə həsr olunmuş “Abidələrin hürriyyəti” adlı tədbir keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Zəfər günü”nə həsr olunmuş “Abidələrin hürriyyəti” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

 Tədbiri giriş sözü ilə açan Şuranın sədri, t.ü.f.d. Sevinc Nəsirova tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyəti barədə geniş məlumat verdi. Həmçinin S.Nəsirova vaxtilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni irsin dağıdılması və saxtalaşdırılması haqqında Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı tərəfindən hazırlanmış Bəyanatın əhəmiyyətindən də bəhs etdi.

Bəyanatda qeyd edilirdi: “İşğal müddətində Qarabağda mindən çox əsərin saxlanıldığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən çox tarixi və mədəniyyət abidəsi məhv edilmişdir. Dünya əhəmiyyətli abidələr Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası, Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar, Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri, Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavəng monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi, Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilmişdir”. S.Nəsirova çıxışının sonunda tədbir iştirakşılarını “Zəfər günü” münasibəti ilə təbrik etdi.

Daha sonra muzey əməkdaşları, muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Azərbaycanın müzəffər ordusu tərəfindən işğaldan azad olunmuş, hürriyyətə qovuşmuş tarixi maddi-mədəniyyət abidələrimiz haqqında geniş məruzələrlə çıxış etdilər.

Tədbirin sonunda GAMŞ sədri S.Nəsirova iştirakçılara öz təşəkkürünü bildirdi.