XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
04 Noyabr, 2021
Muzeydə "Zəfər günü" münasibətilə “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin ikinci hissəsinin açılış mərasimi keçirilmişdir

4 noyabr 2021-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində "Zəfər günü" münasibətilə  “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin ikinci hissəsinin açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirin açılışı karantin şəraitini nəzərə alaraq məhdud sayda iştirakçı ilə təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açdı. F.Cabbarov qeyd etdi ki, sərginin keçirilməsində məqsəd Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir. Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus eksponatlar əsasında qurulmuşdur. Həmçinin F.Cabbarov Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazan şəhid və qazilərimizdən danışdı və bu gün bizim şanlı tarix yaşadığımızı və tarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını və gələcək nəsillərə ötürülməsini xüsusi qeyd etdi.

Sərgi haqqında muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sərginin kuratoru, t.ü.f.d., dos., Səbuhi Əhmədov çıxış etdi. S.Əhmədovun qeyd etdiyi məlumata əsasən sərgidə Vətən müharibəsinin 104 şəhidinin və 10 qazisinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilmişdir. Sərgidə Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatının orijinal ölçülü maketi qurulmuşdur. Vitrinlərdə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mina Təmizlənmə Agentliyi tərəfindən təqdim edilmiş eksponatlar da nümayiş olunur. Sərgidə həmçinin Ermənistan ordusundan qənimət götürülmüş təltif nişanları, hərbi geyim və ləvazimatlar göstərilir. Ümumilikdə 30 vitrində 350 eksponat, 12 informasiya- məlumat paneli, 7 iriölçülü banner, 204 ədəd fotoşəkil sərgilənir.

Daha sonra akademik Nərgiz Axundova çıxış edərək tədbir iştirakçılarını “Zəfər” günü münasibətilə təbrik etdi. Tədbirdə iştirak etmiş Vətən müharibəsi iştirakçılarına, qazilərə öz minnətdarlığını bildirərək, ölkəmizin ərazi bütövlüyünün qorunmasında qəhrəmanlıqlarına görə onlara borclu olduğumuzu qeyd etdi. Həmçinin N.Axundova 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni əbədiləşdirmək üçün muzeydə nümayiş olunan sərginin böyük təşəbbüs olduğunu və bu səbəblə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlıya və muzey əməkdaşlarına  öz təşəkkürünü bildirdi.

Daha sonra Vətən müharibəsi iştirakçıları- Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən  gizir Nicat Zalov və  gizir Şiraz Həsənov çıxış etdilər.Vətən müharibəsi zamanı məcburi köçkün ailələrindən olmuş, doğulduqları torpaqların vaxtilə həsrəti ilə yaşamış hərbi qulluqçular döyüş əməliyyatlarında fəal iştirak etdiklərini və üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirdiklərini qeyd etdilər. Həmçinin qazilər 44 günlük müharibə zamanı döyüş əməliyyatlarından və Şuşa-Xankəndi yolunda baş vermiş gərgin döyüşlərdən bəhs etdilər.

Qeyd edək ki, “Anadır arzulara hər zaman Qarabağ” sərgisinin tərkib hissəsi kimi təşkil olunmuş “Ermənistanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə isə 44 günlük müharibə dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələrinin nəticələri, eləcə də 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə həyata keçirilmiş siyasəti nümayiş etdirən 7 fotoqrafın çəkdiyi 50 ədəd fotoşəkil, Gəncə və Bərdəyə vurulmuş raket zərbələrini nümayiş etdirən fotokompozisiya, onlarla eksponat, 4 iriölçülü diorama nümayiş olunur.

Sonda mərasim iştirakçıları sərgi ilə yaxından tanış oldular və xatirə fotosu çəkildi.