XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
19 Noyabr, 2021
“Könlüm keçir Qarabağdan” adlı I Respublika rəsm müsabiqə-sərgisi keçirilib

18-19 noyabr 2021-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsindəki qələbəyə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı I Respublika rəsm-müsabiqə sərgisinin açılışı keçirildi. Sərgidə istedadlı gənclərin Vətən müharibəsini əks etdirən 80-ə yaxın rəsm əsəri nümayiş olundu.

Tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunu möhkəmləndirmək, onların istedadını üzə çıxartmaq və ictimaiyyətə təqdim etməkdir. Sərgidə 44 günlük Vətən müharibəsini əks etdirən 8-17 yaşlı istedadlı iştirakçıların 80-ə yaxın rəsm əsəri nümayiş olundu.

Tədbiri Muzeyin Baş Direktoru, akademik Nailə Vəlixanlı açaraq Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs etmişdir. Akademik Qarabağ Zəfərini gənclərin gözü ilə görməyin və vətənə məhəbbət duyğularını onların yaradıcılığında hiss etməyin çox sevindirici hal olduğunu qeyd etmişdir. 44 günlük müharibə zamanı gənclərin Azərbaycan ordusunun hərbi gücünə, əsgərlərimizin qəhrəmanlığına və böyük qələbəyə şahid olaraq, onu rəsmlərində canlandırmalarının vətənpərvər gənclərin yetişməsi üçün mühüm bir addım olduğunu vurğulamışdır. N.Vəlixanlı bildirib ki, Vətənə, milli tariximizə bağlılıq onların hər birinin əl işlərində təcəssüm olunub və gənc rəssamların hər bir işi özünəməxsusluğu ilə fərqlənir. N.Vəlixanlı əsərlərin məzmun baxımından düzgün seçildiyini, məktəblilərin Vətənə, Silahlı Qüvvələrimizə məhəbbətinin hər bir işdə ifadə olunduğu qeyd edib. Həmçinin akademik N.Vəlixanlı müsabiqənin istedadlı uşaqların və gənclərin yaradıcılıq potensialının daha da inkişaf etdirilməsinə yaxşı stimul verəcəyini və rəsmləri sərgilənən məktəblilər üçün gözəl bir başlanğıc olduğunu bildirib. 

Eyni zamanda sərginin açılış tədbirində incəsənət nümayəndələri, rəssamlar, tarixçi alimlər və muzey əməkdaşları da iştirak ediblər. Münsiflər heyətinin nümayəndələri gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək qiymətləndirib, Azərbaycan gənclərinin geniş bacarıq və istedada malik olduğunu vurğulayıblar. Kiçik və böyük yaş qruplarına bölünən iştirakçılar üzrə 3 nominasiyada qaliblər müəyyənləşdi. Belə ki, rəsm əsərlərinin qiymətləndirilməsi məqsədi ilə münsiflər heyəti - Əməkdar incəsənət xadimi, s.ü.f.d. Ziyadxan Əliyev, Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov, muzeyin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova, əməkdar mədəniyyət işçisi, muzeyin bərpaçı rəssamı Gülşən Hacıyeva və Rəssamlar İttifaqının üzvü, muzeyin bərpaçı rəssamı Ərəstun Şahverdiyevin iştirakı ilə müsabiqənin qalibləri seçiliblər. 

I və II yaş kateqoriyası üzrə qaliblər elan olunmuşdur.  8-12 yaş arasında seçilən qaliblərdən – III yerə İncəsənət Gimnaziyasının 4-cü sinif şagirdi 9 yaşlı Məryəm Mövlamlı, 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin “Palitra” rəsm studiyasınının 11 yaşda olan şagirdi Cəlil Kərimli “Zəfərimiz” adlı rəsm əsəri ilə II yerə seçilmiş, I yerə isə İncəsənət Gimnaziyasının 12 yaşlı şagirdi İsgəndər Quliyevin rəsm əsəri layiq görülmüşdür.

13-17 yaş arasında seçilən qaliblərdən – 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin 14 yaşlı şagirdi Aqşin Məmmədov “Şuşa” adlı rəsm əsəri ilə III yerə seçilmiş, II yerə İncəsənət Gimnaziyasının 14 yaşlı şagirdi Əlövsət Abbasov  və I yerə isə İncəsənət Gimnaziyasının 14 yaşlı şagirdi Əsmər Qasımlının rəsm əsəri layiq görülmüşdür.  

Tədbirin iştirakçılarına sertifikatlar, muzeyin kataloqları və xatirə hədiyyələri təqdim olunub.

Sərgi dekabr ayının sonuna qədər davam edəcək.