24 noyabr 2021-ci il tarixində Avstriya İqtisadiyyat Palatasının və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Avstriya-Azərbaycan şirkətlərinin ikitərəfli görüşləri nəzərdə tutulmuşdur. Səfər çərçivəsində Avstriyanın Fabco Gmbtl şirkətinin icraçı direktoru Aleksandr Vilhelm ilə Milli Azərbaycan Tarixi Muzeyində görüş keçirilib.
Muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüş zamanı N.Vəlixanlı muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri və burada əldə olunan nailiyyətlər barədə avstriyalı qonağa məlumat verib. Muzeyin Azərbaycan milyonçusu, mesenat H.Z.Tağıyevin mülkündə yerləşdiyi bildirilib. Muzeydə hal-hazırda aparılan təmir-bərpa işlərindən sonra qurulacaq yeni ekspozisiya və H.Z.Tağıyevin xatirə muzeyinin təşkili işlərindən, muzeyin 2020-ci ildə 100 illik yubileyinin keçirilməsi və bu istiqamətdə görülən işlərdən də danışılıb. Görüşdə Azərbaycan-Avstriya mədəni əlaqələrinə toxunulub və bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qonaqlara muzeydə fəaliyyət göstərən bərpa laboratoriyası, sərgilərin təşkili və müasir muzey texnologiyalarının tətbiqi haqqında məlumat verilib. Hər iki tərəf gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və muzeylərarası təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.
Daha sonra Aleksandr Vilhelm təmsil etdiyi müəssisənin fəaliyyəti haqqında söhbət açdı. A.Vilhelm muzey eksponatlarının, əsasən tarixi əlyazmaların dijital restavrasiya işlərinin aparılmasını xüsusi vurğulayaraq, Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. Məqsəd mədəni irsin məhv olmaması və əlyazmaların dijital faksimile surətinin çıxarılması və böyük auditoriyaya çatdırılmasından ibarətdir. Çıxışının sonunda A.Vilhelm Milli Azərbaycan Tarixi Muzeyinə öz nəşrlərini hədiyyə etdi və bu görüşdən məmnunluğunu ifadə edərək muzey rəhbərliyinə təşəkkürünü bildirdi.
Sonda H.Z.Tağıyevin ev muzeyinə, “Anadır arzulara, hər zaman Qarabağ”, “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” adlı sərgilərə ekskursiya edildi. Avstriyalı qonağa muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edildi.