Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda opera müğənnisi, Azərbaycan səhnəsinin ilk “Karmen”i, milli səhnəmizdə vokal ifaçılığın, klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan Fatma Muxtarovaya aid materiallar qorunur. Bu materiallardan biri 10 fevral 1936-cı il Tiflis Dövlət Teatrı tərəfindən təşkil olunmuş Azərbaycan SSR Xalq artisti Fatma Muxtarovanın səhnə fəaliyyətinin 20 illiyi münasibətilə buraxılmış broşur (gürcü və rus dillərində), digəri isə 12 yanvar 1977-ci il A.A.Baxruşin adına Dövlət Teatr Muzeyində Azərbaycan SSR Xalq artisti Fatma Muxtarovanın xatirəsinə həsr olumuş “Sovet opera teatrının ustaları” silsiləsindən olan gecənin afişasıdır.
Fatma Abbas qızı Muxtarova 1893-cü il martın 26-da Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. F.Muxtarova Azərbaycanın ilk peşəkar opera ifaçısıdır. 1938–1953-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Konsert proqramları ilə də çıxış etmişdir.
Tembrinə görə qüvvətli metso-soprano səsin sahibi, F.Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan "Qaratoxmaq qadın" operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun partiyası, "Çereviçki" operasından Soloxanın partiyası, "Qar qızı" operasından Baharın partiyası, "Çar gəlini" operasından Lyubaşanın partiyası, "Xovanşina" operasından Marfanın partiyası, "Faust" operasından Zibelin partiyası və bir çox başqaları qeyd oluna bilər. Yaradıcılığının zirvəsi Karmen ("Karmen", J.Bize) partiyasıdır.
1949-cu ildə Fatma Muxtarova iki operada iki böyük partiya ilə çıxış etmişdir. Bunlardan birincisi Jorj Bizenin "Karmen" operasında (rej. İ. Hidayətzadə, dirijor Ə. Həsənov) Karmen və ikincisi isə martın 22-də göstərilən Cüzeppe Verdinin "Trubadur" operasında (rej. P. Tveretski, drijor V. Traximoviç) Azuçena partiyaları idi. 1953-cü ildə isə Fatma Muxtarova səhnə ilə vidalaşmışdır.
Qeyd edək ki, yuxarıda adı çəkilən materiallar 2013-cü il 24 dekabr tarixində Fatma Muxtarovanın nəvəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilmişdir.