XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
13 Yanvar, 2022
Muzeydə azyaşlı uşaqlar üçün Vətən müharibəsinə həsr olunan yeni kitabın təqdimatı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə hazırlanan və azyaşlı uşaqlar üçün nəzərdə tutulan “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.

Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən kitabın təqdimat mərasimində muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, muzeyin icraçı direktoru, t.ü.f.d., dos., Fərhad Cabbarov, Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri və nümayəndələri, müharibə iştirakçıları, müəllim, şagird və könüllülər iştirak ediblər.

Əvvəlcə muzeyin foyesində qonaqlar və tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanan kompozisiya ilə tanış olub, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasını dinləyiblər.

Tədbirin ikinci hissəsində qeyd edildi ki, kitab ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir. Kitabın uşaqlarımızın, gələcək nəslin ölkəmizin tarixini öyrənmələri, onlarda Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətindəki işlərdə böyük əhəmiyyəti olacaqdır.

Sonda tədbir iştirakçıları və məktəblilər muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ" və “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” adlı sərgiləri ziyarət etmişlər.