XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
21 Yanvar, 2022
Muzeydə polkovnik Emil Nəzirova həsr olunmuş “Şəhadətilə əbədiyyət qazananlar” adlı tədbir keçirildi

21 yanvar 2022-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunları polkovniki, Dövlət Sərhəd Xidmətində Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya müavini, Mühəndis Aviasiya şöbəsinin rəisi, Birinci Qarabağ və İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş, 2021-ci il 30 noyabr tarixində Xızı rayonu “Qaraheybət” hərbi təlim poliqonunda baş vermiş dəhşətli helikopter qəzası zamanı şəhid olmuş Nəzirov Emil Nəzir oğluna həsr olunan “Şəhadətilə əbədiyyət qazananlar” adlı tədbir keçirildi.

Tədbirin aparıcısı Muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova idi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başladı və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində muzeydə görülən işlərdən danışdı. F.Cabbarov polkovnik Emil Nəzirov haqqında ətraflı çıxış etdikdən sonra şəhidin şəxsi əşyalarının muzeyə təqdim edilməsinə təşəbbüs göstərən ailəyə öz minnətdarlığını və tarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını bildirdi. Həmçinin F.Cabbarov muzeyin Vətən müharibəsi fondunda qorunan materiallardan ibarət nəşrlərin çapının da nəzərdə tutulduğunu qeyd etdi.

Sonra muzeyin baş mühafizi, t.ü.f.d., dosent Məhfuzə Zeynalova muzeyin Vətən müharibəsi fonduna daxil olan materiallar haqqında ətraflı çıxış etdi.

Daha sonra muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov şəhid polkovnik E.Nəzirovun həyatı və hərbi fəaliyyəti barədə hazırlanmış slayd nümayişi ilə polkovnik haqqında ətraflı danışdı.

Şəhid E.Nəzirovun qardaşı Abbas Nəzirov və qardaşı oğlu Rövşən Nəzirli çıxış etdikdən sonra şəhidin şəxsi əşyalarını Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verdilər və muzey rəhbərliyinə, həmçinin Şəhid Emil Nəzirovun şəxsi əşyalarının muzeyə təhvil verilməsində vasitəçi olmuş muzeyin Sənədli mənbələr elmi-fond şöbəsinin müdiri Esmira Rəhimovaya öz minnətdarlığını bildirdilər.

Sonda tədbir iştirakçıları muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgini ziyarət etdilər.