AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi İlkin Rzayevin şəxsi əşyaları ailəsi tərəfindən təhvil verildi.
Mayor İlkin Cəfər oğlu Rzayev 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində anadan olub. O, orta təhsilini 1990–1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alıb.
2006–2007-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlamışdır. 2009-cu ildə “baş leytenant”, 2013-cü ildə “kapitan”, 2017-ci ildə isə “mayor” rütbələrinə yüksəlib. İlkin Rzayev 2016-cı ildə Aprel döyüşlərində də yüksək hərbi bacarıqlarına görə fərqlənmişdir.
Azərbaycan Ordusunun Mayoru olan İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak etmiş və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənmişdir. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olmuşdur. “Murov aslanı” ləqəbi ilə tanınan İlkin Rzayev təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas etmişdir. 2 oktyabr 2020-ci ildə İlkin Rzayev Murovdağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. 60 gün itkin kimi bilinən şəhidimiz 2 ay qar altında qalıb və tapılaraq ailəsinə təhvil verilib. Mayor İlkin Rzayev İkinci Fəxri Xiyabanda dəfn edilib.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlkin Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı", "Kəlbəcərin azad olunmasına görə" medalı, “Azərbaycan Bayrağı" ordeni ilə ilə təltif edilib.
Qeyd edək ki, mayor İlkin Rzayevin şəxsi əşyaları ailəsi tərəfindən muzeyin Vətən müharibəsi fonduna muzeyin əməkdaşı Esmira Rəhimovanın vasitəsilə təhvil verilib.
Dövlət təltifləri
- (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (05.11.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
- (05.11.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)