AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Su çərşənbəsinə həsr olunmuş “Yurdumuza Novruz gəlir, yaz gəlir” adlı ustad dərsi keçirilib. Ustad dərsində Qobu rayonu 1 saylı tam orta məktəbin şagirdləri iştirak edib. Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.
Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsinə həsr olunmuş dərsi İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Nigar Əhmədli açıq elan etdikdən sonra muzeyin elmi katibi t.ü.f.d. Sevinc Nəsirova şagirdlərə Novruz bayramının və çərşənbələrin mahiyyəti, tarixi kökləri, bayramla bağlı adət-ənənələr, ayin-mərasimlər, oyun-tamaşalar haqqında məlumat verib. Sonra şagirdlər yumurta formasında olan gips fiqurlar üzərində rəngləmələr aparıb, kəndir dartma oyunu oynayıb, Novruz bayramı atributlarını tanımaq üçün komandalar şəklində digər oyunlar oynayıblar.
Sonda şagirdlərə hədiyyələr paylanılıb və H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub. Ustad dərsi iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.