XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
01 Mart, 2022
Muzeydə əfsanələr dolu “Göydən üç alma düşdü” adlı sərginin açılış mərasimi oldu

1 mart 2022-ci il tarixi- Od çərşənbəsi günündə Milli Azərbaycan Tarixi Muzeyində Birinci Qarabağ müharibəsinin iştirakçısı, muzeyin rəssamı Əjdər Qafarovun əfsanələr dolu Azərbaycan nağıllarının son cümləsi ilə “Göydən üç alma düşdü” adlı qrafik əsərlərindən ibarət sərginin açılış mərasimi oldu.

Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açdı. F.Cabbarov qeyd etdi ki, muzeydə bir çox sənət adamlarının əsərlərinin sərgisi keçirilib. Bu gün isə muzeyin rəssamı Əjdər Qafarovun Azərbaycanın xalq nağıllarına həsr edilən qrafik əsərlərindən ibarət sərgisi keçirilir. Ə.Qafarovun yaradıcılığı haqqında məlumat verən F.Cabbarov rəssamın muzeyin müxtəlif mövzulu sərgilərində nümayiş olunan tarixi şəxsiyyətləri, döyüş səhnələrini əks etdirən rəsm əsərlərindən də söz açdı  və bu rəsmlərin ziyarətçilər arasında xüsusi bağ yaratdığını da vurğuladı.

Sonra muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı 2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində bərpaçı- rəssam kimi çalışan, həmçinin muzeyin ekspozisiyası və sərgiləri üçün tarixi mövzularda əsərlər yaratmış rəssam Ə.Qafarovun özünəməxsus tərzini vurğulayaraq, onun həm muzey daxili, həm də muzey xarici çoxşaxəli yaradıcılığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. N.Vəlixanlı həmçinin gələcəkdə muzeyin rəssamı Ə.Qafarovun rəsm əsərlərindən ibarət kataloqun hazırlanacağını da bildirdi.

Daha sonra muzeyin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova, əməkdar mədəniyyət işçisi, muzeyin bərpaçı rəssamı Gülşən Hacıyeva və digər muzey əməkdaşları rəssam Əjdər Qafarovun yaradıcılığı haqqında ətraflı çıxış edərək, bugünkü sərgisinin açılışı münasibətilə onu təbrik etdilər və gələcək fəaliyyətində uğurlar arzuladılar.

Qeyd edək ki, cəbhə xatirələri, eləcə də vətənpərvərlik və batal janrında bir sıra rəsm əsərləri, həmçinin “Qarabağ atı”, “1175-ci il dəniz döyüşü” və s. animasiya filmləri üçün rəsmlər yaratmış Əjdər Qafarovun yaratdığı nağıllar dünyamızın rəngarəng aləmi sizə bu Novruz günlərində şux əhval-ruhiyyə bağışlamaqla nağıllarımızın bildiyimiz və bilmədiyimiz məqamları haqqında düşünməyə dəvət edəcək. Hər bir nağıl fraqmentinin təsviri rəssamın öz xəyalının nəticəsidir – Məlikməmmədi və divi, Göyçək Fatma və Çırtdanı biz məhz rəssamın gözü ilə görürük.

Sonda rəssam Əjdər Qafarov çıxış edərək tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirdi və iştirakçıları “Azərbaycan nağılı” adlı qrafik əsərlərindən ibarət sərgiyə baxmağa dəvət etdi.

Sərgi davam edir: 1 – 7 mart 2022 (giriş sərbəstdir, ödənişsizdir)

İş saatları: saat 10:00-dan 18:00-dək