XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
08 Aprel, 2022
Muzeydə XIX əsrin sonuna aid “Ərçiman” xalçası qorunur

Azərbaycanda xalça sənətinin tarixi eramızdan xeyli əvvəllərə gedib çıxır. Arxeoloji qazıntılar zamanı xalçaçılıqda işlədilən, e.ə. IV-III yüzilliklərə aid alətlərin və boyaq maddələrinin izlərinin aşkar olunması bunu təsdiq edir. Antik müəlliflərin, o cümlədən Ksenofontun Midiya xalçaları haqqında verdikləri məlumat da ölkəmizdə xalça istehsalının qədimliyindən xəbər verir. Lakin, bununla belə, Azərbaycanda xalçaçılığın müstəqil sahə kimi inkişafı erkən orta əsrlər dövrünə təsadüf edir. Alban tarixçisi Moisey Kalankatuklunun hökmdar Cavanşirin sarayının otaqlarını bəzəyən ipək parçalar və rəngarəng xalçalar haqqında verdiyi məlumat, Mingəçevir ərazisindən katakomba qəbirlərdən tapılmış hana hissələri, xalça və palaz qalıqları Azərbaycan əhalisinin məişətində xalçaçılığın məhz bu dövrdə mühüm yer tutduğunu göstərir. Azərbaycana gələn səyyahlar, diplomatlar istehsal texnikasına və bədii tərtibatına görə öz zənginliyi ilə fərqlənən yerli xalçalar və xalça məmulatı haqında maraqlı məlumatlar vermişlər. Həmin müəlliflər bu dövrdə artıq kütləvi şəkil almış xalça istehsalının Azərbaycanın Bərdə, Təbriz, Gəncə, Naxçıvan, Ərdəbil və başqa şəhərlərində, eləcə də Şirvanda, Qarabağda və digər yerlərdə geniş şöhrət qazandığını qeyd edirlər.

Yüksək dekorativ məziyyəti və texniki keyfiyyəti ilə seçilən Azərbaycan xalçaları coğrafi mövqeyə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq yeddi xalçaçılıq məktəbinə bölünür: Quba, Şirvan, Bakı, Qazax, Qarabağ, Gəncə, Təbriz.

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bütün xalça məktəblərinə aid 720 ədəd xalça və xalça məmulatı mühafizə olunur. Bunlardan Şirvan xalçaçılıq məktəbinə aid olan “Ərçiman” xalçası XIX əsrin sonunda Xızıda toxunmuşdur. Üzərində təsvir olunan süjeti və ornamentləri ilə unikal sənət əsəri təsiri bağışlayır. Analoqu hələ ki, məlum olmayan bu xalçanın qədim çeşnidən toxunan süjeti başqa xalçalarda təkrar olunmayıb. Xalçadakı süjet və naxışlar bütövlükdə xalqımızın ailə məişəti ilə bağlı adət-ənənələrini, mifik dünyagörüşünü özündə əks etdirir. Mütəxəssislərin fikrincə onun üzərində qırıq xətlərlə qədim türklərin insanlara ilahi qüvvə bəxş edən xoşniyyət ilahəsi Humayın təsviri verilmişdir. Bu, əvvəla, hər iki təsvirin arasında olan sonsuzluq işarəsinin alt hissəsində körpə təsvirinə bənzər təsvirin toxunmasından da görünür. Digər bir məqamsa Humayın təsvirinin xalçanın haşiyələrində toxunmuş butalarda olduğu kimi nurla əhatə edilməsidir. Butanın belə işıqsaçan, yəni nurlu formasına çox nadir hallarda rast gəlinir. Xalçanın mərkəzi qədim türklərdə ailə birliyini, ailə bağını ifadə edən andlaşmanı, qardaşlaşmanı bildirən “and damğası” ilə haşiyələnmişdir. And damğasının bu xalçada toxunması da təsadüfü olmayıb, onun hansısa əhd-peymanla bağlı olduğunu ifadə edir. Xalça üzərində məşhur Aşşur silindrlərində olan ağaclara bənzər təsvirlər də vardır. Toxuma üsulu: türkbaf.