XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
12 Aprel, 2022
Muzeydə kosmonavtika tarixini əks etdirən materiallar qorunur

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika günü kimi elan olunub.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı akademik, kosmik tədqiqatlar sahəsində general-leytenant Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.

Həyatını raket texnikasının ikişafına həsr edən, böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1966-cı ildə K.Kərimova yenidən yüksək etimad göstərilmiş, o, Kosmik Gəmilər Üzrə Dövlət Komissiyasının sədri təyin olunmuş, 25 il ərzində bu vəzifədə çalışmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur.

General-leytenant Kərim Kərimov "Sovet İttifaqı Qəhrəmanı" fəxri adına, "Qırmızı Əmək Bayrağı", "Qırmızı Ulduz" və iki dəfə "Lenin" ordenlərinə layiq görülmüş və medallarla təltif olunmuşdur. O, həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda kosmonavtika ilə bağlı bir sıra maraqlı materiallar (fotoşəkillər, poster) mühafizə olunur. Materiallar beynəlxalq əməkdaşlığa, həm də keçmiş SSRİ-də kosmik uçuşlar proqramına aiddir.

Belə ki, 1975-ci il iyulun 15-də ABŞ-SSRİ-nin birgə sınaq lahiyəsi çərçivəsində fəzada “Appolon” və “Soyuz” kosmik gəmiləri qovuşmuşdur. Kolleksiyada həmin tarixi hadisəni əks etdirən böyük ölçüdə poster və amerikalı astronavtlar- Tomas Stafford, Vens Brand və Donald Sleyton, rus kosmanavtları- Aleksey Leonov və Valeri Kkubasovla birgə çəkilmiş fotoları yer alır. ABŞ-ın Milli Astronavtika və Kosmos İdarəsinin qeyd olunan layihəyə aid posterdə məlumat yazısı, iki gəminin Yer ətrafında uçuşlarının sxemi, onların start məqamları və qovuşması anları təsvir olunub.

Fondda qorunan, amerikalı astronavt T.Staffordun kosmosdan çəkilmiş Yerin görüntüsünü əks etdirən fotonun üzərində “Bakı sakinlərinə səmimiyyətlə uğurlar diləyirəm” sözləri yazılmışdır.

Digər təqdim olunan fotoda isə K.Kərimov “Ulduz” şəhərciyində uçuşunu uğurla başa çatdırmış ilk macar kosmonavtı Bertalan Farkaşı salamlayır.  

Qeyd edək ki, bu materiallar kosmonavtika tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.