Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən "Arxeo" klubun Səbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli texniki humanitar liseyinin 5-ci sinif şagirdləri üçün növbəti məşğələsi keçirilib.
Klubun rəhbəri Esmira Rəhimova üzvlərə "Şuşa ili"nə həsr olunmuş məşğələnin mövzusu və əhəmiyyəti barədə məlumat verdi. Sonra liseyin tarix müəllimi Sevil Əfəndiyeva çıxış etdi. O, qeyd etdi ki, Arxeo klubun təşkil etdiyi görüşlər şagirdlərin Arxeologiya sahəsinə aid maraqlarını və biliklərini artırır.
Daha sonra Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadənin "Qarabağın daş dövrü arxeoloji kolleksiyası" mövzusunda məruzəsi dinlənildi. Məruzədə Azıx, Tağlar, Çalağantəpə və İsmayılbəytəpə abidələrindən tapılmış maddi nümunələrin təyinatı, dövrü və əhəmiyyəti şagirdlərin diqqətinə çatdırıldı. Məşğələ zamanı şagirdlərə eksponatlarla əyani tanış olmaq imkanı yaradıldı və onların sualları ətraflı cavablandırıldı.
Sonda şagirdlər H.Z.Tağıyevin ev muzeyini ziyarət etdilər.
Qeyd edək ki, muzeydə bu kimi görüşlərin, məşğələlərin keçirliməsi şagirdlərlə peşəyönümü işin aparılmasına dəstək məqsədi daşıyır.