XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
06 May, 2022
II Dünya müharibəsin iştirakçısı olmuş, yəhudi əsilli Morduxay Morduxayevin materialları muzeydə

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunun yaranmasından bəri fəaliyyətinin ən önəmli istiqamət ölkəmizin II Dünya müharibəsində iştirakına dair materialların toplanması olmuşdur. Hazırda fondda bu mövzuda mühafizə edilən sənəd, fotoşəkil, mətbuat nüsxələri və s.-nin əksəriyyəti milli diviziyaların döyüş yolu ilə bağlıdır.

Qeyd edək ki, II Dünya müharibəsi zamanı azərbaycanlılarla yanaşı, Azərbaycanda yaşayan etnik qrupların nümayəndələri də iştirak etmişdir. Buna nümunə olaraq Qubada dünyaya gəlmiş, yəhudi əsilli Morduxay Morduxayevin kolleksiyasını təqdim etmək olar. Müharibə zamanı yaralı döyüşçüləri savaş meydanından çıxaran M.Morduxayev (təqdim edilən fotoşəkildə tibb xidməti zabitlərinin bir qrupu əks olunmuşdur) iki ordunun tərkibində – sovet və Polşa qoşunları sıralarında xidmət etmişdir. Polşanın Mərkəzi Hərbi Arxivinin polyak və rus dilində arayışı bunu təsdiqləyir. Fondda qorunan sənədlər sübut edir ki, M.Morduxayev çalışdığı sahədə şücaət göstərdiyinə görə və dinc dövrdə doğma yurdu olan Azərbaycanın ictimai həyatında fəal iştirakına görə ona fəxri fərmanlar və ünvanına təbrik məktubları göndərilmişdir. Onun Polşa ordusunun xorunjisi (kiçik leytenant) geyimində çəkilən fotoşəklində isə sinəsində iki dövlətin çoxsaylı orden və medalları əks olunub. Əminik ki, ümumi dəftərə əllə yazdığı müharibə xatirələri isə  tədqiqatçılar üçün əhəmiyyətli olacaq.

Həmçinin onu da qeyd edək ki, müharibə zamanı radiotexnik M.Morduxayevə yaralı və xəstə əsgərlərə göstərdiyi xidmətə və tibbi yardıma görə “Blaupunkt” markalı radioqəbuledici hədiyyə edilmişdir və bunu təsdiq edən çıxarış hal-hazırda muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda, portreti isə Təsviri Materiallar fondunda qorunur.