XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
11 May, 2022
2005-ci ildə Norveç vətəndaşından təhvil alınmış təsadüfi tapıntı

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında qorunan materiallar arasında təsadüfi tapıntılar da vardır. Onların arasında isə 3 noyabr 2005-ci ildə Norveç vətəndaşı, sənətşünas və rəssam Eli Qladerdən hədiyyə olaraq qəbul edilmiş təsadüfi tapıntılar da yer alıb. Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın müstəqillik illərindəki tarixində ilk dəfədir ki, əcnəbi vətəndaş könüllü şəkildə təsadüfi tapıntıları hədiyyə olaraq daimi mühafizə üçün muzey fonduna təhvil verir. Haqqında bəhs edilən təsadüfi tapıntılardan biri də süddanvari saxsı qabdır. Qab əldə nisbətən səliqəsiz və asimmetrik formalaşdırlıb. Xarici səthi və ağzının daxili səthi tünd qırmızı boya ilə rənglənib. Ağzının bir hissəsi nov şəklində irəli uzanıb. Gövdənin çiyin hissəsi ilə ağız kənarını birləşdirən qövsvari qulpa malikdir. Gövdənin çiyin hissəsi üfüqi vəziyyətdə basma nöqtələrlə əhatələnib. Süddanın hündürlüyü 9 sm, ağzının diametri 7 sm, gövdəsinin diamenri 7,5 sm, oturacağının diametri isə 3,5  sm-dir.

Bu qabın arxeoloji kolleksiyada oxşar nümunələri mövcuddur. Həmin oxşar nümunələr 1958-ci ildə arxeoloq Cabbar Xəlilovun rəhbərliyi ilə Şamaxı rayonunun Dərə Xınıslı kəndi yaxınlığındakı Xınıslı qədim yaşayış yerində apardığı arxeoloji qazıntılar zamanı tapılıb. Tapılmış artefaktlara və araşdırmalara əsasən abidə e.ə. I minilliyin son rübünə və ya e.ə. III-I əsrlərə aid edilmişdi. Ümumiyyətlə, süddanvari və ya ağzı novçalı qablar Azərbaycanın Yaloylutəpə, Yolocaq, Mollaisaqlı, Nüydi və digər antik dövr abidələrində də tapılıb.   

Bu süddanın əşyavi mənbə kimi əhəmiyyətinə gəldikdə burada iki istiqamətdən yanaşmaq lazım gələcək. Birincisi bu qab aid olduğu dövrdə dulusçuluq sənətinin inkişaf səviyyəsi haqqında bir çox dəyərli məlumatları özündə əks etdirirlər. Qabların əşyavi mənbə kimi əhəmiyyətini şərtləndirən digər amil isə onların təyinatı ilə bağlıdır. Belə ki, bu qablar maye tərkibli qidaları saxlamaq və daşımaq üçün nəzərdə tutulub. Bu qablarda yalnız su deyil, həmçinin meyvə şirələri, o cümlədən şərab və bəzi ağartı məhsulları da saxlanılıb. Göründüyü kimi bu qablar bizdə aid olduqları dövrdə insanların məişəti, o cümlədən təsərrüfatı və qida rasionu  haqda müəyyən təsəvvürlər formalaşdırır. Bu isə həmin qabların əşyavi mənbə kimi əhəmiyyətini bir qədər də artırır.