Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunda qorunan müdafiə silahları dövrünə görə yüksək texnika ilə silahlanmış Azərbaycan döyüşçüsünün hərbi səriştəsini nümayiş etdirməklə yanaşı, ölkəmizdə metalişləmə, o cümlədən silah istehsalının qədim dövrlərdən başlayaraq əsrdən-əsrə püxtələşən inkişaf yolunu izləmək imkanı verir.
Muzeyin silahlar kolleksiyasının əsas hissəsini təşkil edən müdafiə geyimləri Azərbaycanın maddi mədəniyyət abidələri kimi milli mənəvi dəyərlərimizi, soykökümüzü təsdiqləyən tarixi mənbədir.
Döyüşçünün müdafiəsini daha da möhkəmlətmək məqsədi ilə zirehlərin üstündən əlavə olaraq digər müdafiə vasitələri də taxılırdı. Belin və sinənin müdafiəsi sinəbəndlərin hesabına təmin edilirdi. Sinəbəndlər kəmərlərlə sinədən asılan polad lövhələrdən ibarət idi. Onların üstü qızılı, gümüşü işləmələrlə, nəbati naxışlarla, Quran surələri ilə bəzədilirdi. Əlavə müdafiə elementlərindən sayılan qolçaqlar əlin biləkdən dirsəyə qədər olan hissəsini örtürdü. Qolçaqlar əsas və əlavə hissədən ibarət idi. Bazunun iç tərəfini qorumaq üçün qolçaqlara tor halqalar birləşdirilirdi.
Təqdim olunan, sağ qola geyinilən qolçaq lövhəsi qalınlığına görə döyüş üçün xarakterikdir. Materialı dəmirdir, kənar haşiyələri zanbaq ləçəkləri ilə bəzədililb, üzərində ərəb yazıları və üç dairəvi medalyon var. Birinci medalyonun içərisində nizə ilə vuruşan iki döyüşçü, ikinci medalyonda bardaş qurmuş şahzadə təsviri, üçüncü medalyonda isə üzü ağaca tərəf dayanmış kişi təsviri həkk olunub. İki medalyonun kənarlarında cızma üsulu ilə üz-üzə dayanan, qızıllla işlənmiş quş fiqurları qravürlənib. Biləyin alt tərəfini tutmaq üçün iki dəmir lövhə torlar vasitəsilə qolçağa birləşdirilib. Lövhələrin üzəri iki cərgə zanbaq güllərinin təsvirləri ilə bəzədlilib. Orta əsr müdafiə silahları qrupuna aid olan qolçaq və ya bazubəndlər qolbaq və dirsəklik hissələrindən ibarət olurlar.
Azərbaycan ərazisində qolçaqların istifadəsi XVIII əsrin sonu- XIX əsrin əvvəllərində azalmış, yerli ustalar tərəfindən dekorativ məqsədlər üçün düzəldilmişdir.
Muzeyin müxtəlif dövrlərə aid eskpozisiyasında təqdim olunan bu növ materiallar ulularımızın hərb tarixinin şücaət dolu səhifələrinin gənc nəslə çatdırılmasında, onların milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm vasitə rolunu oynayır.