Milli Azərbaycan Tarixi Muzeyində 2021-ci ilin may ayından başlayaraq ustad dərs- intellektual, maarifləndirici tədbirlərə start verilib.
11 may tarixində baş tutmuş növbəti ustad dərsi Azərbaycanın milli tikiş növü olan “Qurama” sənəti və quramanın tikiş texnologiyasına həsr olunmuşdur. “Danışan parçalar” adlı ustad dərsində 30 ilə yaxın qurama sənətini yaşadan Fəridə Mustafayeva, muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova, bərpaçı mütəxəssislər, muzey əməkdaşları və Suraxanı r-nu 317 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri muzeyin əməkdaşı Aynur Babayeva açaraq qurama ustad dərsi layihəsi haqqında iştirakçılara məlumat verib.
Daha sonra S.Nəsirova foto-slayd müşayiəti ilə Azərbaycanda “Qurama” sənəti haqqında məruzə ilə çıxış edib. Məruzədən sonra məktəblilərlə mövzuya uyğun viktorina keçirilib. Sual-cavabda fəal iştirak edən iştirakçılara muzeyin kataloqları hədiyyə edilib.
Tədbirin növbəti hissəsində F.Mustafayevanın və muzeyin bərpaçıları İlhamə Rəhimova və Qənirə Məmmədovanın köməkliyi ilə iştirakçılara Quramanın tikiliş texnikası öyrədilib. Məktəblilər quramanın müxtəlif növləri ilə tanış olublar və onlar bunu özləri parça üzərində tətbiq ediblər. İştirakçıların hər biri əl işlərini özləri ilə aparıblar.
Sonda H.Z.Tağıyevin ev-muzeyi və "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub.