Milli Azərbaycan Tarixi Muzeyində “Şuşa İli”-nə həsr olunmuş tədbirlər çərçivəsində 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təşkil olunub.
Tədbiri muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı açaraq, konsert iştirakçılarını salamlayıb və Beynəlxalq Muzeylər Günü münasibətilə muzey işçilərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov tərəfindən muzeyin bir qrup əməkdaşı işindəki uğurlarına görə Fəxri fərmanla təltif olunub.
Daha sonra musiqi proqramı təqdim olunub. Konsertdə Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatrı, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdar artistləri və mədəniyyət işçiləri, Azərbaycan Milli Konservatoriyasının tələbələri, BDU Mədəniyyət Yaradıcılıq Mərkəzinin rəqs qrupu iştirak ediblər.
Bayram əhval-ruhiyyəsində təşkil olunan tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri səsləndirilib. Bayram tədbirində dahi bəstəkarın "Arşın mal alan”, "O olmasın, bu olsun" operettalarından səhnələr göstərilib, ariya və romanslar ifa olunub.
Sonda rəqs nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.