XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
25 May, 2022
Qarabağ xanı İbrahimxəlil dövrünün unikal numizmatik faktları – pənahabadilər

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” olaraq qeyd edilməsi Qarabağ tarixini əks etdirən dövlətçilik faktlarına yenidən nəzər salmağı aktual edir.

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Qarabağ xanı Pənahəli xan Cavanşirin (1748 - 1763) varisi İbrahimxəlil xan (1763 - 1806) dövrünə aid unikal sikkələr – pənahabadilər qorunur.

Aşkar olunmuş numizmatik faktlara əsasən ilkin pənahabadilər hicri 1209 = 1794-1795-ci ildə zərb edilib. Pənahabadda zərb edilən ilk gümüş sikkələr anonim (adsız) zərb edilirdi.

“Pənahabadi” nominalına malik gümüş və mis sikkələrin məhz belə adlandırılması bir sıra amillərlə əlaqədar idi. Bir sıra başlıca şəhərlər, məntəqələr və coğrafi məkanların şərəfli epitetlərlə adlandırılması İslam ənənəsinə xas olan cəhətlərdən idi.

XVIII – XIX əsrlərdə digər müsəlman dövlətlərində olduğu kimi Qarabağ xanlığı sikkələrinə də onların zərb edildiyi məkana müvafiq zərbxana adı həkk edilirdi. Belə zərb vasitəsilə İbrahimxəlil xan hakimiyyətin ona atasından miras qaldığına işarə edirdi. Hicri 1209-1212 = 1794-1798 və 1214 = 1799-1800-cü illərdə pənahabadilər (1,48 – 1,89 q) və yarımpənahabadilər (0,96 – 0,97 q) zərb edilib.

XVIII əsrin sonunda Azərbaycan və İranın pul-sikkə sisteminin başlıca gümüş sikkə vahidi olan gümüş abbasının çəkisi  1 – 2 qrama enmişdi. Bu dövrün pul təsərrüfatında Səfəvilərdən miras qalan daha bir sikkə - “şahi” (1/4; 1/6 abbası) və d. nominallı sikkələr iştirak edirdi.

Qeyd edək ki, İbrahimxəlil xan dövründə Qarabağda zərb edilən pənahabadilərə Rusiya və İran sikkə standartlarının tətbiq edilməsi təəccüb yaratmamalıdır. Xan dəfələrlə rusiyalı təmsilçilərlə danışıqlar etmiş, fars təsirini anlayaraq öz sikkələrinin həm də İranda dövriyyəsini təmin etməyə çalışmışdır.

1805-1817-ci illərin bəzi pənahabadilərinin anonim zərb edilməsi Qarabağ xanlığının müstəqillik cəhdlərini büruzə verməkdədir.

Numizmatik tədqiqatlara əsasən Qarabağ xanlığında beş tipdə pənahabadilər, həmçinin onların yarımtipləri zərb edilmişdir.

Karvan yollarının qovşağında yerləşən Şuşa şəhəri Qərb və Şərqin bir sıra şəhərləri ilə ticarətdə iştirak edirdi. Bura Qafqaz, Gürcüstan, Rusiya, İran, Türkiyə, İraq və Hindistandan tacirlər gəlirdilər.

İbrahimxəlil xan (1763 - 1806) dövründə Qarabağda yalnız gümüş deyil, həm də mis sikkələr zərb edilmişdir. Anonim mis pənahabadilərə heyvan təsvirləri də həkk edilib.

Xanlıqda qızıl sikkələrin zərbini təsdiq edən fakt aşkarlanmamışdır.