XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
05 İyun, 2022
 Şair Mikayıl Müşfiqin doğum günündən 114 il ötür

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin doğum günündən 114 il ötür. Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. O, bədii yaradıcılığa çox gənc yaşlarından başlamış və qısa müddət ərzində şarin on şeir kitabı çap olunmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu ilə seçilən, xalqını və vətənini dərin məhəbbətlə sevən, dövrünün əhəmiyyətli mövzularından yüksək keyfiyyətli sənət əsərləri yaradan şair Mikayıl Müşfiqə aid fotomateriallar qorunur.

Muzeyin Sənədli Mənbələr fondunda mühafizə olunan 1931-ci ilə aid fotoşəkildə Mikayıl Müşfiqi Azərbaycan Ali Pedaqoji İnstitutunun müəllim və tələbələri arasında görmək olar. Orta sırada isə müəllimlər arasında Azərbaycanın ictimai xadimi, SSRİ EA-nın Zaqafqaziya və Azərbaycan filiallarının həqiqi üzvü, ədəbiyyatşünas, şair Bəkir Çobanzadə əyləşmişdir.1937-1938-ci illərdə, repressiya qurbanı olan bu iki şəxsiyyət fərqli ömür yolu keçsələr də, eyni acı taleyi yaşayıblar. İkinci sırada sağda oturan gənc qadın isə XIX-XX əsrin əvvəllərində fəaliyyət göstərmiş tanınmış maarifçi, pedaqoq, publisist, etnoqraf Teymur bəy Bayraməlibəyovun qızı Təhminə Bayraməlibəyovadır. Atasının davamçısı olan Təhminə xanım ali təhsilli müəllimə kimi bütün ömrünü xalqının tərəqqisinə həsr etmişdir.

Fotoneqativ Materialları fondunda mühafizə olunan, M.Müşfiqə aid növbəti fotomaterial 1926-cı ildə çəkilmiş, 1972-ci ildə isə muzeyə təhvil verilmişdir.