XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
16 İyun, 2022
Muzeydə "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilib

Muzeydə "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbirin  açılışı olub."Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində  Milli Azərbaycan Tarixi Muzeyində ilk dəfə olaraq sağlamlıq imkanları məhdud yaradıcı uşaqların iştirakı ilə keçirilən bu sərgi-tədbir Milli Azərbaycan Tarixi Muzeyi, “Ümid var” Könüllülər Təşkilatı, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbiri giriş sözü ilə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açıb. Sonra  Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əhmədova, Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə Qasımova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq Seyran Səxavət, “Ümid var” Könüllülər Təşkilatının  rəhbəri Nazilə Məhərrəmova çıxış ediblər.

Qeyd edək ki, muzey fəaliyyətə başladığı gündən etibarən Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi, qorunması, eləcə də təbliği və təşviqi işinə böyük önəm verib. "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsinin məqsədi də muzey eksponatlarını təbliğ etmək, məktəblilərə ölkəmizin tarixinə dair yeni biliklər vermək və gələcək peşə seçimlərinə yardım etməkdir.

Layihənin budəfəki tədbirinin keçirilməsində məqsəd əlilliyi olan uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaqla bərabər inklüzivləşməyə tövhə verməkdir. 

Ümumilikdə 35 əlilliyi olan uşağın iştirakı ilə həyata keçən layihə həm də onların Azərbaycan tarixi ilə bağlı maariflənməsi istiqamətində də mühüm xarakter daşıyır. Sərgidə daun sindromlu, serebral iflic, autizm, eşitmə məhdudiyyətli və digər diaqnozlu əlilliyi olan 16  yaradıcı uşağın əsəri nümayiş olunub.

Yüksək səviyyədə təşkil olunmuş tədbirdə əməkdar artist Fərqanə Qasımovanın dəstəyi ilə autizm sindromlu Ramiz Ağayev “Bayatı Şiraz” muğamını ifa etmiş, bəstəkar-pianoçu Tural Məmmədlinin müşayiəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xarıbülbül” şeri Nigar Babayeva tərəfindən səsləndirilmiş, eşitmə əlilliyi olan Şəhla Nağıyeva jest dilində təqdimat etmiş, “Günay Muradi” Müasir Rəqs Akademiyasının tipik uşaqları ilə müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir.

Tədbirin sonunda layihə iştirakçıları muzey tərəfindən sertifikatla təltif olunub, onlara sponsorların hədiyyələri təqdim olunub.

Layihənin rəhbəri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.