Koreyanın Kyunggi-Do əyalətində yerləşən Dünya Musiqi Alətləri Muzeyinin (Museum of Musical Instruments of the World) direktoru Yong Cin Li (Yeong Jin Lee) və kuratoru Yonsun Han (Yeonsun Hahn) Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Qonaqları muzeyin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə iş şöbəsinin müdiri E.Dadaşov qarşılamışdır. Görüş zamanı Yong Cin Li muzeyin zəngin kolleksiyası arasında xüsusi yer alan Qarabağa məxsus musiqi alətləri ilə tanış olmaq niyyətini bildirdikdən sonra qonaqlar Etnoqrafiya elmi fond şöbəsinin müdiri t.ü.f.d., dosent G.Abdulova, Hədiyyələr və xatirə əşyaları fondunun müdiri R.Səfərovanın müşayiəti ilə dünyaca məşhur muğam sənətimizin korifeylərindən Cabbar Qaryağdıoğlunun və Xan Şuşinskinin qavalları, maestro Niyazinin tarı və s. şəxsi əşyaları, Zülfüqar Hacıbəyovun kamançası və tarı, bundan başqa Qarabağda hazırlanmış tarbəndlik sənətinin misilsiz nümunələri ilə yaxından tanış olmuş, mütəxəssislərə verilmiş suallar ətraflı cavablandırılmışdır.
Səmimi mühitdə keçən görüş muzeyin əməkdaşı S.Əhmədovanın müşayiəti ilə qonaqların Hacı Zeynalabdin Tağıyevin ev muzeyi və muzeydə nümayiş olunan “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə tanışlığından sonra yekunlaşıb.
Xatırladak ki, Milli Azərbaycan Tarixi Muzeyində qorunan Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin kolleksiyaları əsasında "Üzeyir Hacıbəyli” (Bakı, “Təhsil”, 2021, 104 səh.) və “Müslüm Maqomayev” (Bakı, “Təhsil”, 2021, 104 səh.) adlı yeni kataloqlar işıq üzü görmüşdür. Daha ətraflı: http://azhistorymuseum.gov.az/az/news/3816