XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
22 İyun, 2022
Muzeyin Arxeoloji kolleksiyasının Şuşa incisi: miniatür şirli küpə

Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci il "Şuşa ili" elan olunmuşdur. Məhz bu sərəncamı rəhbər tutaraq, Milli Azərbaycan Tarixi Muzeyi 2022-ci ildə Qarabağın, xüsusilə də onun incisi olan Şuşanın qədim tarixini və mədəniyyətini təbliğ və təşviq etmək məqsədilə silsilə tədbirlər həyata keçirir. Həmin tədbirlərdə muzeyin zəngin kolleksiyasında qorunan Qarabağın, o cümlədən Şuşanın maddi-mədəni irsinə aid nümunələr ictimailəşdirilir. Belə nümunələrdən biri də muzeyin arxeoloji kolleksiyasında saxlanılan, gövdəsinin xarici ətrafı natamam şəkildə göy rəngli şirlə örtülmüş miniatür həcmli küpədir.

Səliqəli şəkildə hazırlanmış və tam vəziyyətdə olan bu küpə vətəndaş Sadıxov Taleh Baxşəli oğlu tərəfindən muzeyə təhvil verilmişdir. Miniatür küpənin konkret olaraq nə vaxt tapılması məlum olmasa da, T.Sadıxovun nənəsinə istinadən verdiyi məlumatdan belə aydın olub ki, bu küpəcik Şuşa şəhərində Molla Pənah Vaqifin qəbrinin bərpası vaxtı tapılmışdır. Lakin muzey mütəxəssisləri belə ehtimal edirlər ki, küpəcik keçən əsrin 80-ci illərin əvvəllərində böyük şairin qəbri üzərində türbənin inşası zamanı tapılıb.

Miniatür küpənin dövrünə gəldikdə isə Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d., dos. Nasir Quluzadə bu saxsı nümunəsini zahiri xüsusiyyətlərinə görə XVII-XVIII əsrlərə aid edir. Miniatür küpə həm də öz dövrünün sənətkarlıq, daha dəqiq desək dulusçuluq məhsuludur. Sadə quruluşa və  bədii tərtibata malik olan bu miniatür küpənin böyük zövqlə hazırlanması Qarabağ dulusçularının peşəkarlığından xəbər verir. Bu maddi mədəniyyət nümunəsindən Qarabağın xanlıqlar dövrü dulusçuluğunun inkişaf səviyyəsini öyrənmək üçün əşyavi mənbə kimi istifadə oluna bilər. Şirli miniatür küpə muzey ziyarətçiləri üçün də maraqlı bədii keramika nümunəsidir.

Qeyd edək ki, miniatür küpə hazırda muzeyin ekspozisiyasının 1-ci mərtəbəsində nümayiş olunur.