Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda idman sahəsi inkişaf etməyə başladı. Bununla da, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası qoyuldu.
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başlasa da, 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatı geniş vüsət aldı. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanda yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin bu sahədə uğurlarından biri idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi və ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətli idi. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib və özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümunəsidir.
Əlbəttə ki, Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın idman tarixini əks etdirən eksponatlarla da zəngindir. Bugünkü əlamətdar gündən istifadə edərək, muzeyə hədiyyə edilmiş “qızıl fit” ali mükafatını və olimpiada ilə bağlı digər materialları təqdim edirik. 2012-ci ildə Böyük Britaniya Krallığının London şəhərində keçirilmiş XXX Yay Olimpiya Oyunlarında Yunan-Roma, qadın və sərbəst güləş üzrə yarışlarda Hicran Şərifov FİLA (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) tərəfindən dünyanın ən yaxşı olimpiya kateqoriyalı hakimlərindən biri elan edilmiş və ədalətli hakimliyə görə FİLA-nın “qızıl fit” ali mükafatı ilə təltif olunmuşdur.
“Qızıl fit” 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Azərbaycan Respublikasını layiqincə təmsil edən güləş üzrə olimpiya kateqoriyalı hakim, Şərifov Hicran İbrahim oğlu tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki, “qızıl fit” beynəlxalq səviyyəli idman yarışlarının ən ali təltif nişanlarından sayılır, hakimin ona layiq görülməsi beynəlxalq idman ictimaiyyətinin hakimə olan böyük etimadının rəmzidir.
Azərbaycanın şanlı idman tarixinin göstəricisi kimi bu dəyərli eksponat Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunur.
Digər təqdim olunan materiallar isə muzeyin Köməkçi Tarixi Fənn Materialları fondunda qorunan, “Bakı 2015” Avropa oyunları münasibətilə hazırlanmış qızıl, gümüş və bürüncdən olan medallar və gümüş xatirə pul nişanı. Medallar və pul nişanı muzeyə 2016-cı ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən hədiyyə edilmişdir.