Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub. 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. V.Xəlilov 2009 cu ildə Çin xalq respublikasına göndərilən, "Xüsusi Təyinatlı Qüvvələrin" kursunu bitirən 3 azərbaycanlı zabitdən biri olub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi zamanı Murovdağ, Füzuli, Qubadlı və Laçın istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Qubadlı rayonuna ilk daxil olan Vidadi Xəlilov göstərdiyi yüksək şücaətə görə döyüş yoldaşları tərəfindən "Qubadlı fatehi" adlandırılıb. Polkovnik-leytenant V.Xəlilov 31 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhid olub, Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid V.Xəlilovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda daimi mühafizə edilir. Bunlar hərbi səhra kiteli, hərbi səhra şalvarı, hərbi formada çəkilmiş foto və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi tərəfindən aldığı sertifikatdır.
Qeyd edək ki, həmin materiallar 2021-ci ildə muzeyin “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgisində nümayiş etdirilmişdir.
Təltifləri
- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2015) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (26.06.2019) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
- (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
- (24.06.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)